Dərs vəsaitimizdəki feminizm

Gulnara Mehdiyeva
4 min readApr 10, 2023

--

Bu ilin yanvarında “Gender bərabərliyi” adlı dərs vəsaitinin hazırlanması barədə xəbər çıxdı. Mən də dərslikdə “Feminizm nədir?” başlıqlı hissəni oxuyub, fikirlərimi sizinlə bölüşməyi qərara aldım.

Dərs vəsaitinin üz qabığı

Dərsliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Bakı Dövlət Universiteti hazırlayıb. BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADPU, ADİU və Azərbaycan Universitetinin də rəyləri alınıb.

Müəlliflər isə iki nəfərdir: Hüquq üzrə fəlsəfə doktoru, CEDAW üzrə sədr müavini Elgün Səfərov və BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərova.

Bunları ona görə qeyd edirəm ki, materialda bu boyda qurum və şəxslərin əməyinin keçdiyini nəzərə alasınız.

200 səhifəlik kitabda gender sahəsinə aid bir sıra istiqamətlərdə fəsillər və bölümlər var: beynəlxalq müqavilələrə əsasən gender bərabərliyi; təhsildə, diplomatiyada, bələdiyyədə, mediada, əmək bazarında, idmanda gender bərabərliyi; gender stereotipləri və seksizm; iqlim dəyişikliyinin gender bərabərliyinə təsiri və s. Onlardan biri də “Feminizm nədir?” adlanır.

Dərsliyin 1-ci fəslinin mündəricatı

Başdansovduluq

Digər bütün bölümlərdə çoxlu sayda mənbələrə istinadlar verilsə də, feminizm haqqında bölümdə heç bir mənbəyə istinad yoxdur. Digər bölümlərdəki cümlələr əsasən səliqəli və aydındır, Feminizm haqqında bölümdə isə cümlələr bir qədər yöndəmsizdir, məs.:

“Tərif cinslərin hüquqi bərabərliyi haqqındakı təsəvvürlərə əsaslanan qadın hüquqlarının müdafiəsi işində aparılan fəaliyyət kimi qiymətləndirilirdi.”

Mətnin axıcılığı yoxdur, feillərin ahəngi pozulub. Mövzu ardıcıllığı da qorunmayıb və yaxşı strukturlaşdırılmayıb. Məsələn, sufrajizm hərəkatının bir cümlədə adı keçəndən təxminən 6–7 cümlə sonra sufrajizmin nə olduğuna izah verilir. Arada isə başqa bir mövzu danışılır.

Belə təəssürat yaranır ki, sanki müəllif dedlayna 1 gün qalmış əl-ayağa düşüb və internetdən qarşısına çıxan cümlələri düzərək, bir yazı ortaya qoymağa çalışıb.

Mətndə rastıma çıxan “gec belə qalınmışdı” ifadəsindən və bəzi cümlələrdəki sözlərin ardıcıllığından başa düşmüş oluram ki, mətn türk dilindən edilən ortabab tərcümədir.

Simona de Bovuarın məşhur “qadın doğulmaz, qadın olunur” cümləsi də “qadın doğulmaz, qadın olar” kimi verildiyindən, Bovuarın fikrini anlamaqda çətinlik yaranır.

Anlayışları qarışdırmayaq

Məsələn, burda:

“Ənənəvi olaraq hesab edilirdi ki, feministlik bioloji xüsusiyyətlə şərtlənir və ona- passivlik, mülayimlik, özünü analığa həsr etmək, qayğıkeşlik, emosionallıq və s. kimi keyfiyyətlər aiddir.”

“Feministlik”? Yoxsa müəllif “femininlik” demək istəyirdi? Bəlkə qadınlıq?

Növbəti:

“Qadın tədqiqatları, qadın tarixi və feminizmin əsas nəzəriyyələrini təhlil edərkən, qadın hərəkatının — “femin etirazı”nın üç mərhələsi seçilir.”

Femin etirazı? O da nədir?

Məzmun xətaları

Mətnin ortalarında feminizm 3 dalğası olduğu qeyd edilsə də, ən sonda “bəzi feministlərin” 4-cü dalğa yarandığını “iddia etdikləri” qeyd olunur. Müəllifə məlum deyil ki, 4-cü dalğa artıq 10 ildən çoxdur ki, davam edir. Güman ki, bu hissə də araşdırılmadan, elə hansısa mətndən “copy-past” olunub.

Mətnin bir yerində “sufrajist” sözü işlənsə də, davamında bu söz “sufrajet” kimi qeyd olunur. Sufrajetlərin İngiltərədə səsvermə hüququ tələb edən qadınlar olduğu bildirilir, sonra isə onların 1881-ci ildə “la Citoyenne” adlı jurnal çıxartdığı vurğulanır. Halbuki “la Citoyenne” jurnalı İngiltərədə yox, Fransada dərc olunmağa başlayıb.

Bundan başqa, Simona de Bovuarın “İkinci cins” əsərinin üç cilddə dərc olunduğu yazılsa da, əslində əsərin yalnız iki cildi mövcuddur.

Ghosting edilən üçüncü dalğa

Feminizmin birinci və ikinci dalğası barədə dolu abzaslar verilsə də, 3-cü dalğa barədə cəmi bu iki cümlə yazılıb:

“Hal-hazırda biz plüralistik və müxtəliflik üzərində qurulan feminizmin üçüncü dalğasını müşahidə edirik. Bu dövrdə feminizm daha geniş kütləni əhatə etməyə başladı və diqqətini əsasən qloballaşma, texnologiya və qadınların həyatına təsir edən digər dəyişiklilərə yönəltdi.”

Sirr deyil ki, feminizmin 3-cü dalğası interseksionallığın meydana çıxması və LGBTQ+ aktivizminin feminizmlə kəsişməsi ilə yadda qalıb. Bu iki sahənin hər biri feminizmin dönüş nöqtələri və yeni çağ aktivizminin ayrılmaz hissələridir. Görünür, Komitə öz fobikliyini ört-basdır etmək üçün sadəcə “müxtəliflik” sözünü istifadə etməklə kifayətlənib və 3-cü dalğanın əsas mövzularına yer verməkdən qəsdli şəkildə yayınıb.

LGBTQ+lar təkcə feminizm bölümündə deyil, bütün dərslikdə görməzdən gəlinir. Kitab boyunca bir dəfə də olsun, gender anlayışına translar aid edilmir və kuir qadınların problemləri vurğulanmır. Kitab ümumilikdə gender məsələlərinə dövlətin binar siyasəti üzərindən yanaşır.

Az-maz da yaxşı cəhətlər

Feminizm bölümündə bir neçə müsbət hal gördüm. Birincisi, feminizm hərəkatının siyası məzmunu olduğu vurğulanır. İkincisi, internet üzərindən planlaşdırılan tədbirlərdən danışarkən küçə etirazları, qadın yürüşləri də qeyd olunur.

Ümumilikdə isə mətnin yekununda patriarxal basqının hələ davam etdiyinə və feminist mübarizəyə ehtiyac olduğuna dair fikirlər səslənir.

Sözardı…

Feminizm bölümündə iki əhəmiyyətli ədəbiyyatın adı çəkilir:

“Qadın hüquqlarının müdafiəsi” — Meri Volstonkraft və “İkinci cins” — Simona de Bovuar.

Hər iki kitabın türk dilində tərcüməsini Feminist kitabxanamızdan pulsuz götürüb oxumaq və təhvil vermək mümkündür. Ünvan: SAT Plaza, Bəşir Səfəroğlu 133, 7-ci mərtəbə, Baku Community Space

--

--

Gulnara Mehdiyeva
Gulnara Mehdiyeva

Written by Gulnara Mehdiyeva

Gələcəyimiz artıq əvvəlki kimi deyil

No responses yet